Azərbaycan prezidenti Ilham Əliyev yəhudi icmasını Roş-Ha-Şana münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev qeyd edib ki, ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşamış, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayır.
“Yüz illərdir Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir”, - İ.Əliyevin təbrik məktubunda deyilir.
Dövlət başçısı vurğulayıb ki, yəhudi əsilli Azərbaycan vətəndaşları hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, demokratik dövlət quruculuğu prosesinə öz layiqli töhfələrini verirlər.
“Müstəqil Azərbaycan dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir. Müasir demokratik prinsiplərə uyğun olaraq ölkədə insan haqlarının təminatı, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”, - prezident qeyd edib. **
F.İsazadə