Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana mümkün birləşməsi haqqında səsləndirdiyi bəyanat münaqişənin həlli üzrə sülh danışıqlarının mənasız olmasından xəbər verir. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
"Bu, həyasız bəyanatdır. Bu, o deməkdir ki, bu insan (N.Paşinyan - İF) populizm və diletantlığından əl çəkməyib. Əgər o, belə bəyanatla çıxış edirsə, bu, danışıqların mənasız olması deməkdir", - deyə R.Musabəyov bu gün jurnalistlərə bildirib.
"Bu o deməkdir ki, mən işğal etmişəm və buradan getməyəcəm. Əgər müharibə istəyirsinizsə, gəlin vuruşaq”, - deyə o əlavə edib.
Politoloq qeyd edib ki, N.Paşinyanın bu mövqeyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında nəticəyə nail olmaq mümkün deyil və Azərbaycanı "başqa daha ciddi tədbirlər görməyə vadar edir. "N.Paşinyana qədər nə Robert Köçəryan, nə də Serj Sarkisyan Qarabağın Ermənistana birləşdirilməsi barədə açıq şəkildə bildirmirdi", - deyə R.Musabəyov vurğulayıb.
Deputat, həmçinin hesab edir ki, Moskvada çətin ki, N.Paşinyanın bu bəyanatını müsbət qəbul etsinlər.
"Düşünmürəm ki, Moskvada bu bəyanatı müsbət qəbul edəcəklər. Hesab edirəm ki, Moskva görüşü (Rusiya prezidenti və Ermənistan baş naziri - İF) ilk növbədə, Vladimir Putin üçün N.Paşinyanla münasibətlərə aydınlıq gətirilməsi baxımından vacib idi. Düşünürəm ki, V.Putin anladı ki, N.Paşinyana bir çox şey çatmır. Onun (baş nazirin - İF) davranışı Ermənistan üçün yaxşı heç nə vəd etmir", - deyə o vurğulayıb.
N.Paşinyan sentyabrın 8-də Moskvada erməni sahibkarlarla görüşdə bildirib ki, gələcəkdə Dağlıq Qarabağ Ermənistanın bir hissəsi olmalıdır.*
F.İsazadə