Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi paytaxtda ictimai nəqliyyatda 500 avtobusda kart sistemi tətbiq edib. Bunu Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli deyib.
“Hazırda Bakı şəhəri daxilində 65 marşrut üzrə 1094 avtobus fəaliyyət göstərir. Ödəmə sisteminin təkmilləşdirilməsi və elektron vasitələrlə həyata keçirilməsi məqsədilə işlər davam etdirilir, hazırda 25 marşrut üzrə 500 avtobus kart sistemi ilə xidmət göstərir”, - diplomat Tallin şəhərinin Bələdiyyə nəqliyyat müəssisəsi Şurasının (Tallinna Linnatranspordi AS) İdarə heyətinin Sədri cənab Denis Borodiç ilə görüşdə bildirib.
Səfir həmçinin məlumat evrib ki, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən son 3 ildə orta və iri tutumlu 300-dən çox sərnişindaşıyan avtobusların istismara buraxılıb. O cümlədən, onun sözlərinə görə, yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması üçün tədbirlər görülüb.
Görüş zamanı iki ölkənin müvafiq nəqliyyat təşkilatları arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
D.Borodiç 2013-cü ildən Tallin şəhərində, 2018-ci ilin iyul ayından isə, Estoniyanın 10 vilayətində ictimai nəqliyyatın ödənişsiz olduğunu bildirib. Hazırda, Tallinna Linnatranspordi AS Tallin şəhərinin 60 avtobus, 4 trolleybus və 4 tramvay marşrutu üzrə xidmət göstərir. Şirkətdə 500-dən artıq nəqliyyat vasitəsi mövcuddur. **
N.Abbasova