Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakının türk qoşunları tərəfindən daşnak birləşmələrindən azad edilməsinin 100 illiyi münasibəti ilə keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral məlumat verib.
Xəbər verildiyi kimi, Türkiyə prezidenti sentyabrın 15-də Azərbaycana səfər edəcək.
"Prezident Ərdoğan həftə sonunda Azərbaycana gələcək və Bakının daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibəti ilə keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcək", - deyə səfir bildirib.
Azərbaycan KİV-nin məlumatına görə, sentyabrın 15-də Bakıda parad keçiriləcək. Parad iştirakçılarının geyimləri Azərbaycan və Osmanlı ordusunun 1918-ci ilə aid hərbi geyimlərinə uyğunlaşdırılacaq.*
F.İsazadə