Dövlət Gömrük Komitəsi sentyabrın sonunda Azərbaycan-Gürcüstan sərhəddindəki“Sınıq Körpü” gömrük-keçid məntəqəsində Ticarətin Asanlaşdırılması Mərkəzini istifadəyə verəcək. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
“Hazırda Sınıq Körpü” gömrük-keçid məntəqəsində Ticarətin Asanlaşdırılması Mərkəzinin tikintisi gedir. Sentyabrın sonunda bu obyektin istifadəyə verilməsi planlaşdırılır”, - S.Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılması “Sınıq Körpü” gömrük-keçid məntəqəsində gözləmələri azaltmaq, malların rəsmiləşdirilməsi və gömrük nəzarəti prosedurunun sadələşdirilməsinə yönəlib.
Həmçinin S.Mehdiyev məlumat verib ki, ümumilikdə DGK bütün gömrük-keçid məntəqələrinin təkmilləşdirilməsi, yüklərin və avtonəqliyyat vasitələrinin gömrük nəzarəti prosedurunun sürətləndirilməsi məqsədilə infrastrukturun yenilənməsi planlaşdırılır.
“Bundan başqa, Komitə tərəfindən aparılan islahatlar nəticəsində hazırda Azərbaycanda Avropa gömrük modeli sistemi tətbiq olunub. Onun əsasını milli xüsusiyyələrimiz və Azərbaycanın spesifik malları nəzərə alınmaqla Avropa ölkəsinin birinin modeli təşkil edir”, - S.Mehdiyev vurğulayıb. **
N.Abbasova