Azərbaycan yaxın bir neçə il ərzində “Ümumi tranzit proseduru haqqında” və “Mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi haqqında” konvensiyalara qoşulmağı nəzərdə tutur. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün mətbuat konfransında deyib.
"İxrac potensialının artırılması və idxal əməliiyyatlarında şəffaflığın tam şəkildə təmin olunması məqsədilə Azərbaycan “Ümumi tranzit proseduru haqqında” və “Mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi haqqında” konvensiyalara qoşulmaqla bağlı danışıqlara başlayıb. Eyni zamanda, Azərbaycanın gömrük qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılması üzrə işlərə də başlanılıb”, - deyə o qeyd edib.
Komitə sədrinin sözlərinə görə, DGK-nın strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müvafiq işlər nəzərə alınmaqla sözügedən konvensiyalara qoşulma prosesi bir neçə il vaxt aparacaq. Bu, (konvensiyaların ratifikasiyası – İF) Azərbaycana malları «Made in Azerbaijan» brendi altında bütün Avropa ölkələrinə ixrac etməyə imkan verəcək.
S.Mehdiyev bildirib ki, 2018-ci ilin 8 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $19,7 mlrd. təşkil edib, xarici ticarətdə müsbət saldo $6 mlrd.-ı ötüb.
Bundan başqa, cari ilin yanvar-avqust aylarında ölkənin gömrük orqanları tərəfindən 6155 qanun pozuntusu faktı aşkarlanıb ki, bunun da 458-i cinayət xarakterlidir. «Bu dövrdə gömrükçülər tərəfindən ümumilikdə 6 mln. 135 min manat məbləğində qaçaqmal müsadirə edilib», - deyə S.Mehdiyev əlavə edib.*
N.Abbasova