Azərbaycan və Çexiya dəmir yolu vaqonlarının birgə istehsalını planlaşdırır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Çexiya dəmir yolu qatarlarının istehsalı sahəsində yaxşı təcrübəyə malikdir. Buna görə biz dəmir yolu vaqonlarının birgə istehsalı imkanlarını öyrənirik", - deyə Ş.Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda bildirib.
Çexiyanın sənaye və ticarət naziri Marta Novakova vurğulayıb ki, Azərbaycan bazarı Çexiya şirkətləri üçün cəlbedicidir. "Azərbaycan bizim ənənəvi tərəfdaşımızdır. Bizim aramızda nə siyasi, nə də iqtisadi məsələlərlə bağlı heç bir problem yoxdur. Biz azərbaycanlı tərəfdaşlarla təcrübəmizi bölüşməyə və məişət tullantılarının emalı, tikinti, nəqliyyat, energetika, əczaçılıq sahəsində texnologiyalar təklif etməyə hazırıq. Neft-kimya sahəsində birgə müəssisə yaratmaq üçün imkanlar var", - deyə M.Novakova qeyd edib.
Onun sözlərinə görə, 2019-cu ildə Praqada iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.*
F.İsazadə