2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 22 mlrd. 966,4 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 11 mlrd. 523,4 mln. manat (2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 2,2%), qeyri-ərzaq mallarının alınmasına 11 mlrd. 434 mln. manat (artım 3,2%) sərf olunub.
Hesabat dövrü ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,3%-i içki və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu dövrdə ticarət şəbəkəsində bir ölkə sakini 147 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 145,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
N.Abbasova