2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $6 mlrd. 16 mln. 492,38 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 3,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $19 mlrd. 743 mln. 395,2 min təşkil edib. Yanvar-avqust aylarında ixracın həcmi $12 mlrd. 879 mln. 943,79 min, idxalın həcmi $6 mlrd. 863 mln. 451,41 min təşkil edib.
2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $12 mlrd. 523 mln. 794,46 min, ixracın həcmi $7 mlrd. 223 mln. 10,07 min, idxalın həcmi $5 mlrd. 300 mln. 784,39 min təşkil edib.
Beləliklə, 2018-ci ilin 8 ayı ərzində xarici ticarət dövriyyəsi 57,6%, ixrac 78,3%, idxal 29,5% artıb.
İxracın strukturunda 81,47% neftin, 3,04% neft məhsullarının, 6,81% təbii qazın, 0,46% elektrik enerjisinin, 2,45% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,08% bitki və heyvan mənşəli yağların, 0,13% qəndin, 0,07% spirtli və spirtsiz məhsulların, 0,36% kimya məhsullarının, 0,7% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,45% pambıq, 0,11% pambıq ipliyin, 0,44% qara metal və ondan hazırlanan məmulatların, 0,7% alüminium və ondan hazırlanan məmulatların, 2,68% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 12,74% ərzaq məhsullarının, 1,28% tütün və tütün məhsullarının, 0,11% sementin, 2,61% əczaçılıq məhsullarının, 3,39% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,8% odun və agac məhsullarının, 11,25% qara metal və ondan hazırlanan məmulatların, 23,88% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,07% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,04% mebelin, 32,82% digər məhsulların payına düşüb.
2018-ci ilin yanvar-avqust aylarında xarici ticarət əməliyyatlarında 5,917 min özəl və dövlət müəssisəsi və9,756 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 174 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-avqust aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 27,74%-i), Türkiyə (8,41%), İsrail (6,69%), Almaniya (4,81%), Hindistan (4,63%), Tayvan (4,32%), Çexiya (3,79%), İndoneziya (3,59%%), əsas idxal əməliyyatlarını isə Rusiya (15,52%), Türkiyə (14,61%), Çin (10,5%), Almaniya (6,35%), ABŞ (5,23%), Ukrayna (4,04%) və İtaliya (3,18%) ilə həyata keçirib.**
N.Abbasova