Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini pozmağa cəhddə ittiham edir.
“N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini məhv etməkdən ibarətdir”, - deyə XİN-in mətbuat katibi Hikmət Hacıyevin şərhində bildirilir.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına görə Ermənistan məsuliyyət daşıyır.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hal-hazırda müzakirədə olan bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “dağlıq qarabağ xalqı” deyə müraciət etməsi tamamilə əsassızdır. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistan baş nazirə sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadlılığını artırmağı tövsiyə edirik", - deyə H.Hacıyev vurğulayıb.
Mətbuat katibi əlavə edib ki, bu kimi provokativ və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət Ermənistan baş nazirinin üzərinə düşür.*
F.İsazadə