2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 31,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8%, neft sektorunda isə 0,6% artıb.
Yanvar-avqust aylarında məhsulun 73%-i mədənçıxarma bölməsində, 22,3%-i emal bölməsində, 4%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sektorunda qoşqu,yarı-qoşqu istehsalı 32 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,8 dəfə, mebel istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 3 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 63%, dəri və dəri məmulatlarının istehsalı 54%, tikinti materiallarının istehsalı 31,7%, əczaçılıq məhsullarının istehsalı 20,2%, hazır metal məmulatlarının istehsalı 13,4%, içki istehsalı 9,3%, ağac emalı və ağacdan məmulatların istehsalı 5,7%, kimya məhsullarının istehsalı 1%, geyim istehsalı 0,5% artıb.
Hesabat dövründə ərzaq mallarının istehsalı 1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,6%, kompüter və elektron, optik məhsulların istehsalı 9,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,6%, maşın və avadanlıqların istehsalı 16%, sair nəqliyyat vasitələrinin istehsalı 61,7% azalıb.
Yanvar-avqust aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4% artıb.
2017-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 39,6 mlrd. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 3,4% azdır.**
N.Abbasova