Qida Təhlükəsizliyi Agentliyi (QTA) qida məhsullarının istehsalçısı olan “BMS Aqro” MMC-yə məhsulların istehsalı və satışını qadağan edib.
«Mütəxəssislər tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub”, - deyə agentliyin məlumatında bildirilir.
Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “BMS Aqro” MMC-yə “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.*
B.Rüstəmbəyov