Rusiya Federasiyasının prezidenti Vladimir Putin sentyabrın sonunda Azərbaycana işgüzar səfəri çərçivəsində Rusiya-Azərbaycan regionlararası forumunun işində iştirak edəcək. Bu barədə RF Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov "Vestnik Kavkaza" internet portalına bildirib.
Qeyd edək ki, V.Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək.
"Qarşıdan gələn Rusiya-Azərbaycan regionlararası forumu təkcə iki prezidentin himayədarlığı ilə deyil, həm də onların bilavasitə iştirakı ilə keçiriləcək. Düşünürəm ki, səfər foruma həsr olunub və bu, iki ölkə arasında həm şaquli əlaqələrin əhəmiyyətinin, həm də dövlətlərimiz arasında qarşılıqlı əlaqələrin üfüqi istiqamətdə genişlənməsinin göstəricisidir", - deyə o vurğulayıb.
İ.Umaxanov hesab edir ki, V.Putinin səfəri göstərəcək ki, Rusiya ilə Azərbaycanın münasibətlərində iqtisadiyyat ön plana çıxır. "İqtisadi əlaqələrin aktivləşməsi üçün istiqamətlərdən biri də Xəzərdə əməkdaşlıqdır. Bir ay əvvəl imzalanmış Konvensiya iqtisadi transsərhəd əməkdaşlığı üzrə istiqamətlər kompleksini əhatə edir. Söhbət həm də ölkələrimizin nəqliyyat infrastrukturunun fəal şəkildə istifadəsindən gedir", - deyə sədr müavini qeyd edib.
Onun fikrincə, Konvensiya eyni zamanda, siyasi əlaqələrin möhkəmləndirilməsi üçün təməl rolunu oynayır. "Regionlararası əlaqələr həmişə siyasi amillərin təsirindən uzaqdır. Rusiya Federasiyasının subyektləri bu gün xarici ölkələrlə iqtisadi əməkdaşlıqda kifayət qədər böyük hüquqlara, müstəqilliyə malikdir", - deyə İ.Umaxanov bildirib.*
A.Əzizov