Azərbaycan Təhsil Nazirliyi 2018-ci ildə 41 rayonda 137 modul tipli məktəb istifadəyə verəcək. Bunu təhsil naziri Ceyhun Bayramov deyib.
«Bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə veriləcək», - deyə o, rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
Nazir vurğulayıb ki, 2017-ci ildə respublikanın 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub, 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır.
C.Bayramov əlavə edib ki, ötən tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxu ucqar bölgələrdə fəaliyyətə başlayıb. Hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stumullaşdırma tədbirləri tətbiq olunur. Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb.*
F.İsazadə