2018-ci ilin I yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3 mlrd. 522,8 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $785,6 mln. təşkil edib. Beləliklə, cari ilin I yarısında profisit 4,5 dəfə artıb.
Tədiyə balansına əsasən, 2018-ci ilin yanvar-iyun aylarında neft-qaz sektoru üzrə profisit $6,3 mlrd., qeyri-neft sektoru üzrə kəsir təxminən $2,8 mlrd. təşkil edib.
AMB-nin məlumatına görə, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən amillər bunlar olub: xarici ticarət profisitinin 1,4 dəfə artımı; qeyri-neft ixracının 14,1% artımı; neft-qaz sektorunun 42,3% artımı; xidmətlər üzrə kəsirin 2,1 dəfə azalması və s.
Cari ilin I yarısında xarici ticarət dövriyyəsinin həcmi $14,8 mlrd. təşkil edib və Azərbaycan xarici ticarətdə $5 mlrd. məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 13%-i MDB, 87%-i uzaq xarici ölkələrin payına düşüb.
$9,9 mlrd. həcmində ixracın strukturunda Azərbaycanın mal ixracının ümumi həcminin 82,8%-i neft-qaz məhsullarının payına düşüb. Neft və neft məhsullarının ixrac həcmi $8,2 mlrd., neft ixracı $7,9 mlrd. təşkil edib.
$4,9 mlrd. həcmində idxalın strukturunda $2,3 mlrd. istehlak mallarının, o cümlədən $718 mln. ərzaq mallarının payına düşüb. I yarımillikdə ölkəyə $411,9 mln. dəyərində avadanlıq və xüsusi mallar idxal edilib.
2017-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 mlrd. 684,5 mln. təşkil edib.
A.Əzizov