Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanın dövlət bayrağı Ermənistanın işğalı altında olan bütün torpaqlarda qaldırılacaq.
“Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq”, - İ.Əliyev Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuşparadda bildirib.
Prezident vurğulayıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.
“Güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir.Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərir”, - dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, 20-ci əsrin sonunda Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək Ermənistan torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib.
“Xalqımıza qarşı soyqırımı törədilib”, - İ.Əliyev vurğulayıb.
Prezidentin qeyd etdiyi kimi, paradda Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında, həmçinin bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılıb.
Azərbaycan prezidenti İ.Əliyev ilə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanBakının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradı izləyib. **