Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiq edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistan-Türkiyə sərhədi bağlı qalacaq.
“Qardaş Azərbaycanın ərazilərinin 20%-ni işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir”, - R.T.Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuşparadda bəyan edib.
O vurğulayıb ki, Türkiyə Azərbaycana əlindən gələn hər cür dəstəyi göstərməyə davam edəcək.
“Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik”, - prezident qeyd edib.
O bildirib ki, Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir.
Prezidentin sözlərinə görə, bir milyondan çox azərbaycanlı qaçqın və məıcburi köçkünün öz vətəninə qayıtması məsələsində addım atmalı olan tərəf işğalçılardır.
“Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur”, - R.T.Ərdoğan vurğulayıb. **