2018-ci ilin I yarısında Azərbaycan vətəndaşları tərəfindən qeyri-rezidentlərə $561,6 mln. məbləğində nəqliyyat xidmətləri göstərilib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 35% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2018-ci ilin I yarısında tədiyə balansına dair məlumata əsasən, hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $618,7 mln. məbləğində (artım 40%) nəqliyyat xidmətləri göstərilib.
Azərbaycanın qarşılıqlı xidmətlərinin bütün həcminin 20%-i nəqliyyat xidmətlərinin payına düşüb.
2018-ci ilin I yarısında qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $12,8 mln. məbləğində tikinti xidmətləri göstərilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə azdır.
“Yanvar-iyun aylarında Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi $5,9 mlrd. (azalma 4,8%) təşkil edib. Bunun $3,4 mlrd.-ı (azalma 17,1%) qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, daha $2,5 mlrd.-ı (artım 19%) Azərbaycan şirkətləri və şəxslər tərəfindən qeyri-rezidentlərə göstərilib”, - deyə məlumatda bildirilir.
Beləliklə, hesabat dövründə xidmət kəsiri $953,7 mln. təşkil edib. Kəsirin $975,7 mln.-u neft-qaz sektoru, profisitin $22 mln.-u - qeyri-neft sektorunun payına düşüb.**
A.Əzizov