Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının iclasında müşahidəçi statusunun əldə edilməsi ilə bağlı Azərbaycanın müraciətinə baxılacaq. Bunu Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov deyib.
“Çinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimov ilə görüş keçirib. Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi perpektivləri müzakirə edilib”, - XİN-in məlumatında deyilir.
E.Məmmədyarov Azərbaycanın təşkilatla əməkdaşlığı daha da inkişaf etdirmək və keyfiyyətcə yeni - müşahidəçi səviyyəsinə qaldırmaq niyyətində olduğunu bildirib.
Öz növbəsində, R.Alimov müşahidəçi statusunun əldə edilməsi ilə bağlı Azərbaycanın müraciətinin ŞƏT-in Milli Koordinator Şurasının cari ilin avqust ayında keçirilmiş iclası zamanı müzakirə edildiyini söylədi. Bu məsələyə ŞƏT ölkələri xarici işlər nazirləri şurasının iclasında baxılacaq”, - XİN-dən qeyd olunub.
Öncə prezident İ.Əliyev bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bir sıra layihələrində iştirak etməyə maraq göstərir.
“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmindədir və bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstərir. Bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir”, - İ.Əliyev qeyd edib. **
A.Əzizov