2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 4 mlrd. 774,4 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 4,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında 2 mlrd. 387,6 mln. manat məbləğində heyvandarlıq, 2 mlrd. 386,8 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,6%, bitkiçilik məhsullarının istehsal həcmi 5,8% artıb.
Yanvar-avqust aylarında respublikada 322,9 min ton ət (artım 3,3%), 1 mln. 365,3 min ton süd (artım 1,2%), 1 mlrd. 162,4 mln. ədəd yumurta (artım 0,7%) istehsal edilib.
Sentyabr ayının 1-nə kimi 3 mln. 36,3 min ton dənli və dənli paxlalı bitkilər (artım 13,5%), 642,8 min ton kartof (azalma 9,1%), 1 mln. 153 min ton tərəvəz (artım 9%), 362,2 min ton meyvə (artım 0,8%) yığılıb.
2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 6 mlrd. 580 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 4,2% çoxdur.**
B.Rüstəmbəyov