Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.
“Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb”, - nazirliyin məlumatında deyilir.
Bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfindən atəşə məruz qalan yaşayış məntəqələrimiz istiqamətindəki bölmələrdə olan müdafiə naziri, vəziyyətlə bağlı məruzələri dinlədikdən sonra qarşı tərəfin mövqelərini müşahidə edib.
“Ön xətt mövqelərindəki vəziyyətlə yerində tanış olan nazir dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına qarşı təxirəsalınmaz cavabın verilməsi və daha sərt tədbirlərin görülməsi ilə bağlı həmin istiqamətlərdə yerləşən bölmələrə konkret tapşırıqlar verib”, - nazirlik qeyd edir.
Öncə Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrini cəbhə xəttində mülki əhaliyə qarşı təxribat törətməkdə ittiham edib.
“Sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib. Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub. Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb. Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib”, - nazirliyin bəyanatında qeyd olunub. **
A.Əzizov