Azərbaycanın “Buta Airways” aviaşirkəti Braziliyadakı istehsalçı zavoddan yeni “Embraer E-190” təyyarəsi alıb. Bu barədə şirkətdən məlumat verilir.
“Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb. Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək”, - məlumatda deyilir.
Yeni təyyarəsi Naxçıvan Muxtar Respublikasının bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılıb.
Yaxın zamanda “Buta Airways”in donanmasına bu tip daha bir yeni təyyarənin əlavə olunması gözlənilir. Hava gəmisi parkına yeni təyyarələrin əlavə olunması aviaşirkətin marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.
“Buta Airways”ın 2016-ci ilin dekabrında əsası qoyulub və 2017-ci il sentyabrın ayında fəaliyyət başlayıb. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından 19 beynəlxalq istiqamət üzrə Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstana uçuşlar həyata keçirir. ƏksəR istiqamətlər üzrə təyyarələrin yüklənməsi 85%-dən az deyil.
2018-ci ilin 8 ayı ərzində “Buta Airways” ilə 305 min sərnişin daşınıb. **
N.Abbasova