Dövlət Sərhəd Xidmətinin gəmi və katerləri və Rusiyanın “Brilliant” sərhəd gözətçi gəmisinin
iştirakı ilə “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimləri keçirilib. Bu barədə DSX-dan məlumat verilir.
Təlimlər zamanı qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması üzrə birgə hərəkətlərin işlənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi kimi elementlər icra edilib.
Birgə təlimlərin keçirilməsi məqsədilə 16-18 sentyabr tarixlərində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəisi general-leytenant Aleksey Buyerovun rəhbərliyi ilə “Brilliant” sərhəd gözətçi gəmisi Bakı limanına səfər edib.
“Səfər zamanı tərəflər arasında görüş keçirilmiş, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub”, - məlumatda deyilir. **
F.İsazadə