Norveçin “Equinor” şirkəti 2019-cu ilin II yarısında “Qarabağ” yatağında ilk kəşfiyyat quyusunun qazma işlərinə başlayacaq. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“2019-cu ilin II yarısında “Equinor” Xəzərdə “Qarabağ” yatağında kəşfiyyat quyusunun qazma işlərinə başlayacaq. Gözlənildiyi kimi, bu yataqdan ilk məhsul 2021-ci ildə əldə olunacaq”, - R.Abdullayev bu gün “Neftçilər Günü” münasibətilə tədbirdə çıxışında bildirib.
O, həmçinin məlumat verib ki, qazma işləri “Dədə Qorqud”yarımdalmaqazma qurğusu vasitəsilə həyata keçiriləcək.
31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların işlənməsi haqqında iki müqavilə imzalanıb.
Xüsusilə “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş imzalanıb.
Bundan başqa, “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb.
Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.
“Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” haqqında sazişə əsasən “Equinor” şirkəti 12 ay ərzində müqavilə sahəsində ehtiyatların qiymətləndirilməsi üçün bir kəşfiyyat quyusu qazacaq. Qazmanın nəticələri layihənin kommersiya cəhətdən əlverişliliyini təsdiq edərsə, işlər davam etdiriləcək. Əks halda, “Equinor” müqavilədən çıxmaq hüququna malikdir.
“Equinor” layihədən çıxarsa, qazılmış quyu SOCAR-ın sərəncamında qalacaq. **
N.Abbasova