NATO və Azərbaycan rəsmi Bakının maraqlarına cavab verən layihələr üzərinə işləyir. Bunu NATO baş katibinin müavini Rouz Hotemüller deyib.
“NATO Azərbaycan kimi tərəfdaşının olmasından məmnundur. Biz Azərbaycanın maraqlarına cavab verən layihələr üzərində birgə çalışırıq”, - R.Hotemüller bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, həmçinin Bakı və Alyans Azərbaycanda müdafiə sahəsində təsisatların inkişafı üzrə birgə fəaliyyət göstərir. “Hesab edirəm ki, bu layihələr vasitəsilə Azərbaycana gələcək inkişafında yardım edə bilərik”, - R.Hotemüller əlavə edib.
O, Əfqanıstanda NATO-nun “Qətiyyətli Dəstək” missiyasında Azərbaycanın rolunu yüksək qiymətləndirib. O cümlədən, R.Hotemüller Əfqanıstanda NATO-nun missiyasında hərbi kontingentin artırılmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildriib. “Biz həmçinin bu missiya çərçivəsində tranzit imkanlarına görə Azərbaycana minnətdarıq. Azərbaycan terrorçuluqla mübarizədə NATO-nun fəaliyyətində effektiv iştirak edir”, - o vurğulayıb.
Xəbər verildiyi kimi, 2018-ci il yanvar ayından etibarən Əfqanıstanda NATO-nun “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan Ordusunun sülhməramlılarının sayı 94 nəfərdən 120 nəfərədək artırılıb. Həmçinin 2 hərbi həkim və 6 zabit olmaqla onlar missiyanın müxtəlif qərargahlarında təmsil olunacaq. **
F.İsazadə