"Şahdəniz” yatağında hasil edilməmiş qaz ehtiyatları 625 mlrd. kubmetr həcmində qiymətləndirilir. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“İndiyədək yataqdan 94,39 mlrd. kubmetr təbii qaz və 24 mln. ton kondensat əldə olunub. Ekspertlərin rəyinə görə, "Şahdəniz”də hasil edilməmiş təxminən 625 mlrd. kubmetr qaz və 117,5 mln. ton kondensat ehtiyatı mövcuddur”, - R.Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, hazırda “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinin reallaşdırılması uğurla davam edir. SOCAR-ın prezidenti xatırladıb ki, iyunun 30-dan "Şahdəniz-2” çərçivəsində hasil olunan təbii qazın bu kəmər vasitəsilə kommersiya məqsədilə Türkiyəyə nəql edilməsinə başlandı (TANAP). 2019-cu ilin sonunadək TANAP-ın həm də Avropa Birliyi sərhədinə qədər olan hissəsi tamamlanacaq.
“2020-ci ilin əvvəlində TAP kəməri TANAP-a birləşdiriləcək və ildə 10 mlrd. kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə ümumi işlərin 75%-dən çoxu icra edilib. Əminliklə demək olar ki, TAP layihəsi də tezliklə tamamlanacaq və Avropanın 40 mlrd. dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi - "Cənub Qaz Dəhlizi” tam şəkildə icra ediləcək”, - R.Abdullayev qeyd edib.
N.Abbasova