SOCAR şirkəti Qaradağ rayonu ərazisində tikiləcək "SOCAR GPC” Qaz Emalı Zavodu üzrə ilkin mühəndislik və layihələndirmə işlərini başa çatdırıb. Bunu şirkətin prezidenti Rövnəq Abdullayev qeyd edib.
“Hazırda yeni Qaz Emalı Kompleksi ilə bağlı xarici investorlarla danışıqlar aparılır. Artıq kompleks üzrə ilkin mühəndislik və layihələndirmə işlərini (FEED) bitirmişik. "Açıq kitab” əsasında xərclərin smetası (OBCE) müqaviləsi üzrə işlər yekunlaşdırılır”, - R.Abdullayev “Azərbaycan” qzətində dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, maliyyələşmə və investisiya məsələləri öz həllini tapdıqdan sonra layihə növbəti mərhələyə - mühəndislik, satınalma və tikinti üzrə EPC müqaviləsinin imzalanması mərhələsinə keçəcək.
Həmçinin R.Abdullayev məlumat verib ki, şirkətin prioritetlərindən biri Sıxılmış Təbii Qazın satışı üzrə əməliyyatların genişləndirilməsidir. “Cari ildə SOCAR daha bir ilkə imza ataraq Azərbaycanda Sıxılmış Təbii Qaz (STQ) bazarına daxil olub. STQ hazırda nisbətən az istifadə olunan yanacaq növü olsa da, dünyada ona tələbat sürətlə artmaqdadır. Proqnozlara görə, dünyada STQ-yə olan tələbat 2025-ci ilə qədər 4 dəfəyə yaxın artacaq. Gələcək illərdə SOCAR-ın əməliyyat portfeli çərçivəsində STQ satışını genişləndirmək nəzərdə tutulan perspektivli layihələrdən biridir”, - R.Abdullayev qeyd edib. **
N.Abbasova