Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinə xələl yetirən təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırır.
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir”, - Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfərinə dair XİN-in şərhində qeyd olunur.
Qeyd edilib ki,Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır.
“ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinə xələl yetirən təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür", - XİN vurğulayır. **
A.Əzizov