Azərbaycan Silahlı Qüvvələri tərəfindən genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində gündüz vaxtı döyüş atışları icra olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər”, - məlumatda qeyd olunur.
Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib. Təlimlərdə həmçinin hava desantının döyüş tətbiqi üzrə tapşırıqlar da icra olunub.
“Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərə cəlb olunan qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib”, - məlumatda vurğulanır.
Sentyabrın 17-də Azərbaycanda genişmiqyaslı təlimlərə start verilib və bu ayın 22-də başa çatacaq. **
B.Rüstəmbəyov