Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar və bundan sonra regionda sülh bərqərar olacaq. Bunu Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevadeyib.
“Azərbaycan sülhsevər ölkədir, qonşuları və digər ölkələrlə qarşılıqlı hörmət əsasında əlaqələr qurub. Buna baxmayaraq artıq 25 ildir ki, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir”, - M.Əliyeva bu gün NATO baş katibinin müavini Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı bildirib.
M.Əliyeva vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etsə də, Ermənistan işğalçılıq siyasəti hələ də davam etdirir və qeyd olunan sənədlərə məhəl qoymur.
“Azərbaycan münaqişənin ədalətli şəkildə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar və bundan sonra regionda sülh bərqərar olacaq”, - M.Əliyeva qeyd edib.
Birinci vitse-prezident bildirdi ki, NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı dəstəklənməsi ölkəmizdə yüksək dəyərləndirilir.
O, həmçinin NATO-nun humanitar fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini, bu sahədə təşkilatla sıx əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırdı.
M.Əliyeva qeyd edib ki, Azərbaycan NATO ilə əməkdaşlığa böyük önəm verir və Alyansın müxtəlif tədbirlərində iştirak edir.
Onun sözlərinə görə, Azərbaycan NATO-nun gender məsələlərinə, qadınlar, sülh və təhlükəsizlik mövzusuna böyük diqqətini alqışlayır.
“Çox xoşdur ki, bu mövzuya həsr olunan konfrans bu günlərdə Azərbaycanda keçirilib”, - birinci vitse-prezident deyib.
M.Əliyeva ölkəmizdə gender bərabərliyinin dövlət siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb. **
F.İsazadə