Azərbaycanda müdafiə nazirinin qadın hərbi qulluqçular və mülki işçilərin problemlərinin həlli üzrə referenti vəzifəsinin təsis edilməsi nəzərdə tutulur. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Z.Həsənov Bakıda NATO baş katibinin müavini Rouz Qotemöller ilə görüşüb.
“Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan nazir qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial mövqeyi regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir”, - nazirliyin məlumatında deyilir.
BMT Təhlükəsizlik Şurasının “Qadın, Sülh və Təhlükəsizik” üzrə 1325 saylı Qətnaməsinin müzakirəsi zamanı Z.Həsənov ölkəmizin də bu sənəddən irəli gələn tələblərin yerinə yetirilməsində maraqlı olduğunu qeyd edərək Azərbaycan Ordusunda on mindən artıq qadın xidmət etdiyini diqqətə çatdırıb. “Nazir əlavə edib ki, yaxın zamanlarda Müdafiə nazirinin qadın hərbi qulluqçular və mülki işçilərin problemlərinin həlli üzrə referenti vəzifəsinin təsis edilməsi nəzərdə tutulur”, - məlumatda vurğulanır.
“Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb”, - məlumatda qeyd olunur.
Azərbaycanın bu məsələdə mövqeyinin təqdirəlayiq olduğunu qeyd edən xanım R.Qotemöller ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğunu, terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına, o cümlədən sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
“Görüşdə Azərbaycanın NATO ilə “Sülh naminə tərəfdaşlıq” və digər proqramlar çərçivəsində əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb”, - nazirlik qeyd edir. **
F.İsazadə