Neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və sabitliyin təmin edilməsi üçün bazarın gələcəkdə də tənzimlənməsi məqsədilə OPEC+ ölkələri yeni əməkdaşlıq mexanizmi üzərində iş aparır. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüş zamanı OPEC+ əməkdaşlığının nəticələri, neftin qiyməti və neft bazarının inkişafına dair gözləntilər nəzərdən keçirilib.
“Tərəflər qeyd ediblər ki, neftə qlobal tələbatın artması, eləcə də neftin qiymətinin$75-80 civarında olması bazarda müşahidə edilən müsbət proseslərdir. Bu vəziyyət neft sektorunu investisiyalar üçün yenidən cəlbedici edir”, - məlumatda deyilir.
Həmçinin, neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və sabitliyin təmin edilməsi üçün bazarın gələcəkdə də tənzimlənməsi məqsədilə OPEC+ ölkələri yeni əməkdaşlıq mexanizmi üzərində iş aparır.
“Bazarda hər hansı böhran situasiyası yaranacağı təqdirdə hasilatla bağlı yeni bir qərarın qəbuluna isə ancaq 2019-cu ildə baxıla bilər”, - məliumatda vurğulanır.
Bundan başqa, Pərviz Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşüb. Görüşdə qlobal neft bazarının hazırki vəziyyəti və OPEC+ formatının institutlaşdırılması məsələləri müzakirə edilib. “M.Barkindo ilə görüşdə OPEC Katibliyi ilə Energetika Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Həmçinin OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin 2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulan toplantısı barədə fikir müadiləsi aparılıb. Baş katib 2019-cu ildə OPEC-ə Venesuelanın sədrlik edəcəyi barədə məlumat verib”, - məlumatda qeyd olunur. **
N.Abbasova