25-27 sentyabr tarixində Bakıda keçiriləcək “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində “Rosoboroneksport” şirkəti birləşmiş Rusiya ekspozisiyasına rəhbərlik edəcək.
Şirkətin baş direktoru Aleksandr Mixeyevin qeyd etdiyi kimi, “Rosoboroneksport” “ADEX” sərgisinin ənənəvi iştirakçısı qismində üçüncü dəfə Rusiya ekspozisiyasını təşkil edir.
“Bu sərgidə Rusiya üçün vacib olan Xəzəryanı regionu ölkələri ilə hərbi-texniki əməkdaşlığın inkişafına dair çox qiymətli və müsbət təcrübə əldə edirik. Bu səbəbdən Bakıda fəaliyyət bizə tərəfdaşlarımının real tələbatlarını görmək və Rusiyanın təkliflərinin üstünlüklərini onlarla ətraflı müzakirə etmək imkanı qazandırır. O cümlədən, “Rosoboroneksport” Xəzər dövlətlərinə nəinki hərbi texnika, həm də ona xidmət və təmiri ilə bağlı müxtəlif infrastruktur layihələr, mütəxəssis hazırlığını və s. təklif edir”, - Rusiya mətbuatının məlumatına görə, Aleksandr Mixeyev bildirib.
“ADEX” sərgisi Azərbaycan Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin dəstəyi və iştirakı ilə keçirilir. Sərgidə aviasiya texnikası, PUA sistemləri,Hava Hücumundan Müdafiə (HHM) sistemləri, robot-texniki komplekslər, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizəsi üzrə texnologiya və avadanlıqlar təqdim olunacaq. Bundan başqa, sərginin tematik istiqamətlərindən biri daxili qoşunlar üçün məhsullardır.
Birləşmiş Rusiya ekspozisiyasına 20-dən artıq aparıcı müdafiə müəssisəsi daxildir.
“Sərgi çərçivəsində “Rosoboroneksport”un mütəxəssisləri Xəzər və digər region öləklərindən tərəfdaşlarla qüvvədə olan müqavilələrin reallaşdırılması məsələlərini müzakirə edəcəklər. Həmçinin müasir hərbi texnika nümunələrinin birgə işlənməsi və istehsalı sahəsində yeni qarşılıqlı səmərəli layihələrə baxacaqlar”, - məlumatda vurğulanır. **
F.İsazadə