Rəsmi Bakı Azərbaycan və Yaponiyanın aviasiya qurumları arasında birbaşa hava uçuşlarının açılması üçün danışıqları alqışlayır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Turizmin inkişafı Azərbaycan iqtisadiyyatımızın prioritetlərindən biridir. Bu xüsusda biz ölkələrimizin aviasiya qurumları arasında birbaşa hava uçuşlarının açılması üçün danışıqları alqışlayırıq”, - E.Məmmədyarov Nyu-Yorkda GUAM -Yaponiya Nazirlər görüşündə çıxışında bildirib.
Onun sözlərinə görə, GUAM ölkələri, həmçinin Azərbaycan nəqliyyat, logistika, kiçik və orta biznes, qarşılıqlı sərmayələr kimi prioritet sahələrdə Yaponiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
“Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin infrastrukturunun yaradılmasına yardım edir, bu da regionda qarşılıqlı ticarət həcmini artırmağa imkan yaradacaq. Yaponiya şirkətləri həmin nəqliyyat-logistika layihələrindən istifadə edə bilərlər”, - XİN başçısı qeyd edib.
“Kiçik və orta sahibkarlığa sərmayə qoymaqla qeyri-neft sektorunun sabit inkişafını təmin etmək üçün Azərbaycan müxtəlif beynəlxalq maliyyə təsisatları ilə fəal əməkdaşlıq edir.Cari il yanvar-fevral aylarında Yaponiyada kiçik və orta sahibkarlığın təşviqi üzrə GUAM-Yaponiya işçi seminarı keçirilib. 2019-cu ildə sərmayənin təşviqi üzrə işçi seminar keçiriləcək. Yaponiya şirkətlərini ölkəmizdə kiçik və orta sahibkarlıq sektorunun inkişafı imkanlarının araşdırılmasına dəvət edirik.Bundan əlavə, GUAM-Yaponiya Biznes Forumu və Təhlükəsizlik Dialoqu görüşlərinin keçirilməsi imkanlarının nəzərdən keçirilməsi faydalı olardı”, - E.Məmmədyarov əlavə edib. **
A.Əzizov