Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu 250 kalibrli betondələn aviasiya bombasının sınaq mərhələsini başa çatdırıb.
“BetAB-100 və BetAB-250” sərbəstdüşən betondələn aviasiya bombaları uğurla sınaqdan keçirilib və seriya istehsalına hazırdır”, - İnstitutun baş direktoru Novruz Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
Onun sözlərinə görə, nazirliyin yeni bombaları dəmir-beton sığınacaqlarını, istehkamlarını, aerodromların uçuş-enmə zolağının effektiv dağıdılması üçün nəzərdə tutulur.
BetAB-100 eni 0,2-0,7 metr, BetAB-250 - 0,8-1,1 metr beton tikililəri məhv edir.
Eyni zamanda, N.Abdullayevin sözlərinə görə, İnstitut çəkisi 250 kalibrli olan lazer güdümlü qəlpəli-fuqaslı aviasiya bombasının (QFAB-250 LG) ilkin sınaq mərhələsini uğurla başa çatdırıb. “Bombanın lazer nişangahı NATO standartlarına uyğundur və Türkiyənin “ASELSAN” şirkəti tərəfindən istehsal olunub. Bu, uğurla ilkin sınaq mərhələsindən keçən inteqrasiya olunmuş nümunədir”, - o qeyd edib.
N.Abdullayev bildirib ki, QFAB-ın uçuş məsafəsi 10-12 km. təşkil edir, hədəfdən yayınma 8 km - 10 metrdir.
Eyni zamanda, o vurğulayıb ki, həmçinin İnstitut tərəfindən 50 kq kalibrli stasionar hədəfləri məhv etmək üçün özütuşlanan süzən aviasiya bombası (QFAB-50 İSAB) istehsal olunub. Bomba 10-60 km. məsafədə müəyyən olunan koordinat üzrə hədəfə tuşlanır”, - N.Abdullayev bildirib.
“Burada qatı yanacaqlı motor quraşdırlıb, bu da uçuş məsafəsini artlrmağa imkan verir”, - baş direktor bəyan edib. **
F.İsazadə