2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manat arta bilər.
Bu barədə sentaybrın 26-da Azərbaycan prezidenti İ.Əliyevin təsdiq etdiyi Dövlət Proqramında qeyd olunur.
“Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcək”, - Proqramda deyilir.
Nəticədə, 2021-ci ilə qədər iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaq.
Proqramda qeyd edilir ki, 2018-2020-ci illərdə Əlverişli biznes mühitinin inkişaf etdirilməsi üzrə tədbirlərin reallaşdırılması nağdsız ödəniş dövriyyəsinin illik 1,35 mlrd. manat artmasına imkan yaradacaq. Vergi sisteminin effektivliyinin artırılması üzrə tədbirlər nağdsız ödəniş dövriyyəsinin illik 3 mlrd. manat, qeyri-formal məşğulluğun azaldılması- 0,75 mlrd., Bank sektorunun sağlamlaşdırılması tədbirləri - 3,34 mlrd. manat, aktiv pul bazarının formalaşdırılması - 3 mlrd. manat, ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi - 0,6 mlrd. manat, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi - 0,75 mlrd. manat, rəqəmsal bankçılığın inkişaf etdirilməsi - 0,55 mlrd. manat, əhalinin maliyyə savadlılığının yüksəldilməsi - 0,35 mlrd. manat artmasına imkan yaradacaq. Qalanı digər tədbirlərin payına düşür.
Proqramın əsas məqsədi nağdsız ödənişlər sisteminin genişləndirilməsi, bankların maliyyə bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Proqramda qeyd olunur ki, rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək. **
A.Əzizov