“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Yalama (RF sərhədi) dəmir yolunun yənidənqurma işlərinə Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən kredit cəlb etməyi planlaşdırır. Bunu ADY-nin sədri Cavid Qurbanov bu gün jurnalistlərə bildirib.
“Biz Bakı-Yalama dəmir yolunun yənidənqurma layihəsi üçün AİB və FİA-dan kredit ayrılmasını gözləyirik. Tenderə dair sənədlıər artıq imzalanma mərhələsindədir. Yəqin ki, yeni ildən etibarən yenidənqurma işlərinə başlanacaq”, - C.Qurbanov qeyd edib.
Bu layihənin reallaşdırılması uzunluğu 220 km təşkil edən Bakı-Yalama dəmir yolunun tam yenilənməsinə imkan yaradacaq.
Bundan başqa, C.Qurbanovun sözlərinə görə, ADY uzunluğu 331 km olan Bakı-Astara (İran sərhədi) dəmir yolunun yənidənqurma işlərini həyata keçirməyi nəzərdə tutur.
“Bu layihənin reallaşdırılması çərçivəsində Lənkəran rayonu ərazisində dəniz kənarı boyu dəmir yolunun bir hissəsinin kənara keçirilməsi planlaşdırılır. Bu, həmin zonada turizmin inkişafına dair hökumətin planları və vətəndaşların dənizə çıxışının genişləndirilməsi nöqteyi-nəzərindən vacibdir”, - C.Qurbanov bəyan edib. **
N.Abbasova