Rusiya və Azərbaycan münasibətlərini qarşılıqlı hörmət və maraqlar arasında balans axtarışı əsasında qurur. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Bütövlükdə, Rusiya ilə Azərbaycan arasında münasibətlərdən söz açarkən vurğulamaq istərdim ki, sözsüz ki, ölkələrimiz arasında əlaqələr mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında qurulur. Biz hər zaman maraqların balansını axtarırıq və tapırıq”, - V.Putin bu gün Bakıda keçirilən 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışında bildirib.
O xatırladıb ki, sentyabrın 1-də Soçidə baş tutan danışıqlar zamanı Rusiya ilə Azərbaycan arasında gələcəkdə dövlətlərarası əlaqələrin qurulması üçün əlavə baza formalaşdıran sənədlər və sazişlər paketi imzalanıb. V.Putin bildirib ki, Azərbaycan bazarında Rusiyanın təqribən 70 şirkəti fəaliyyət göstərir. Rusiyanın Azərbaycana sərmayələrinin həcmi 1,5 mlrd. dolları ötür.
“2017-ci ildə Azərbaycandan ASK məıhsullarının Rusiyaya tədarükü təxminən 12% artıb. Tərəfdaşlarımızın bu sahəyə marağı artır”, - deyə V.Putin qeyd edib ki, sentyabrda Moskvada keçirilən beynəlxalq ərzaq sərgisində Azərbaycanın 30-dan çox şirkətinin iştirakı bunu sübut edir.
Rusiya prezidentinin sözlərinə görə, RF və Azərabaycan birgə infrastruktur layihələri həyata keçirir. “Xüsusilə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yaradılır - bu İran, Azərbaycan və Avropa ilə Asiya bazarlarını yaxınlaşdırmaq iqtidarında olan Rusiyadır”, - dövlət başçısı xatırladıb. **