“AzerGold” QSC 2019-cu ilin I rübündə “Çovdar” yatağının yeraltı işlənməsi üzrə texniki-iqtisadi əsaslandırılmas sənədi üzərində işi başa çatdırmağı planlaşdırır. Bu barədə QSC-nin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov bu gün jurnalistlərə bildirib.
“2019-cu ilin I rübündə “Çovdar” yatağının yeraltı işlənməsi üzrə texniki-iqtisadi əsaslandırılması layihəsi üzərində iş başa çatacaq. 2021-ci ildə layihənin reallaşdırılmasına başlanacaq”, - O.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, “Çovdar” yatağı ərazisində həyata keçirilən axtarış-kəşfiyyat işləri müsbət nəticə verib. Bütövlükdə, qiymətli metal ehtiyatlarının olduğunu təsdiq edən 32 quyu qazılıb. Onların hasilatı “Çovdar” yatağının yeraltı işlənməsi çərçivəsində həyata keçiriləcək.
“Bundan başqa, yeni qiymətli metal ehtiyatlarının aşkar edilməsi məqsədilə hazırda şirkət Göygöl rayonunun cənub hisssəsi, Tulallar sahəsi və Naxçıvan Muxtar Respublikasında Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsində qazma işləri həyata keçirir”, - O.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, 2019-cu ildə “AzerGold” Göygöl rayonunda Kəpəz dağının ətəyində 11-12 kvadratmetr ərazidə geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırır. **
B.Rüstəmbəyov, N.Abbasova