Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibi Antonio Quterreşi 2019-cu ilin iyunun 14-15-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Sammitində iştirak etməyə dəvət edib.
E.Məmmədyarov Nyu-Yorkda görüş zamanı A.Quterreşə bu təklifi irəli sürüb. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilir.
“Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir BMT baş katibinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki gün əvvəl Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verib”, - məlumatda deyilir.
E.Məmmədyarov Qarabağ münaqişəsinin həllinə dair substantiv danışıqların intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.
“A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib və BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib”, - məlumatda vurğulanır. **