Bakı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların formatını dəyişilməz hesab edir. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.
“MDB dövlət başçılarının Düşənbədə keçirilmiş zirvə toplantısı çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Bu bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır”, - deyə o, AzərTAc-a müsahibəsində bildirib.
H.Hacıyev qeyd edib ki, eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilmişdi.
“Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu, Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir”, - deyə o vurğulayıb.*
F.İsazadə