“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin donanmasının tərkibinə iki yeni “Alat’’ və “Silk Way” yedək gəmiləri daxil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Limandan məlumat verilib.
“Bu gəmilər, müasir radionaviqasiya, xilasedici və yanğınsöndürmə avadanlıqları və sistemləri ilə təmin olunub, gücü 1220 kilovat (KVt) olan iki baş mühərriklə təchiz edilib. Onların texniki göstəriciləri sərt hava şəraitində limana daxil olan gəmilərin yanalma əməliyyatlarında yardım etməyə imkan verir”, Limandan qeyd ediblər.
Gəmilər Türkiyədə inşa olunub. “Alat” gəmisinin uzunluğu 14.90 metr, eni 5.90 metr, ümumi tutumu 56 ton, gəminin sürəti isə 10 uzel (18.5 kilometr saatda) təşkil edir.
“Silk Way” gəmisinin uzunluğu 17 metr, eni 6.80 metr, ümumi tutumu 82 ton, sürəti isə “Alat” gəmisi ilə eynidir.
“Bu gəmilərin yanacaq, içməli su ilə təchizatı və digər texniki xüsusiyyətləri onların limanda fasiləsiz istismarına şərait yaradır. Eyni zamanda gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı liman akvatoriyasında baş verən yanğın hadisəsinə ilkin müdaxilə etməyə imkan verir”, - Limandan qeyd olunub. **
N.Abbasova