“Azərbaycan Hava Yolları” QSC Azərbaycanla Dağıstan Respublikası arasında müntəzəm hava əlaqəsi aça bilər. Bu barədə Rusiya mətbuatında məlumat verilir.
Mahaçkala aeroportunun baş direktoru Arsen Pirmaqomedov cümə günü Bakıda AZAL aviaşirkətinin direktoru Cəmil Manizadə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq Departamentinin müdir müavini Şahin İsmayılovla bu məsələni müzakirə edib.
“Görüş zamanı Azərbaycanla Dağıstan Respublikası arasında müntəzəm hava əlaqəsinin və gələcəkdə hər iki tərəfdən sərnişin transferlərinin təşkilinə dair AZAL-ın imkanları müzakirə olunub”, - məlumatda vurğulanır.
Görüşün yekunları üzrə tərəflər yeni “Bakı-Mahaçkala” və “Zaqatala-Mahaçkala” istiqamətlərin, Mahaçkala aeroportunun «EmbraerE-Jet-190» təyyarılərinin qəbul və yola salınmasına icazələrin və digər texniki məsələlərin hökumətlərarası sazişə daxil edilməsinə dair razılıq əldə ediblər.
“Aviaşirkətin yüksək yüklənməsi və donanmanın məhdudiyyəti səbəbindən müntəzəm hava əlaqəsinə mərhələli keçid imkanlarına baxılacaq”, - məlumatda qeyd edilir. **
N.Abbasova