2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 887,7 mln. manatlıq əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların həcmi 26% artıb.
Cari ilin avqust ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 141 mln. manat təşkil edib və ötən ilin avqust ayı ilə müqayisədə 39,9% artıb.
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 1 mln. 976,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,6%-i Rusiya Federasiyası, 19,5%-i Gürcüstan, 9,8%-i Türkiyə, 9,4%-i İran, 3,5%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olub.
Bu dövrdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 77 min nəfər (artım 8), MDB ölkələrindən gələnlərin sayı 734 min nəfər (artım 5,5%) olub.*
B.Rüstəmbəyov