Bazar ertəsi Bakıda 160 nömrəlimarşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 20-ə yaxın xəsarət alan şəxs paytaxt xəstəxanalarında qalmaqdadır. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbiat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
“Hazırda qəza nəticəsində yaralanan 18 nəfər paytaxtın tibb müəssisələrindədir”, - o bildirib.
S.Əhmədovanın sözlərinə görə,onlardan 12 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alır. “Onlardan 5 nəfər reanimasiya şöbəsindədir, 2 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. Bundan başqa, 5 nəfər və 2 uşaq travmatologiya şöbəsindədir”, - qeyd edən S.Əhmədova əlavə edib ki, 3 pasiyent 3 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat olunub.
Yaralılardan daha 6 nəfər 1 saylıŞəhər Kliniki Xəstəxanası (Semaşko) və Elmi-TədqiqatTravmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. “Hazırda 4 nəfər Semaşko Xəstəxanasının reanimasiya şöbəsindədir, bir nəfərin vəziyyəti ağırdır. Qalan 2 nəfər Travmatologiya və Ortopediya İnstitutunda müalicə alır, onlardan bir nəfər əməliyyat olunmalıdır”, - S.Əhmədova vurğulayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Son məlumata əsasən, sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 13 yaşlı məktəbli həlak olub, 34 nəfər yaralanıb. Onlardan 10 nəfər məktəblidir. **
F.İsazadə