Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin sentyabr ayında valyuta hərraclarında $394,8 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
"ARDNF bu ilin sentyabr ayında valyuta hərraclarında $394,8 mln. məbləğində xarici valyuta satıb", - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, fond 2018-ci ilin avqust ayında valyuta hərraclarında $733,7 mln. məbləğində valyuta satışı həyata keçirib. Beləliklə, cari ilin sentyabr ayında valyuta satışının həcmi avqust ayı ilə müqayisədə 46,2% azalıb.
Bütövlükdə, yanvar-sentyabr aylarında valyuta hərraclarında $4 mlrd. 634,4 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 86,6% - İF).
Fond 2017-ci ildə valyuta hərraclarında $3 mlrd. 597,8 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2016-cı ilin göstəricisindən 26,3% azdır.*
A.Əzizov