SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ilin yanvar-sentyabr aylarında Bakı-Novorossiysk neft kəməri ilə 968,2 min ton neft ixrac edib.
Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib.
““Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Novorossiysk limanına 968,2 min ton , o cümlədən sentyabrda 169,8 min ton neft nəql olunub”, - məlumatda bildirilir.
2017-ci ilin yanvar-sentyabr aylarında Bakı-Novorossiysk kəməri ilə 1 mln. 157,7 min ton Azərbaycan nefti nəql olunub. Beləliklə, 2018-ci ilin yanvar-sentyabr aylarında “şimal” kəməri ilə Azərbaycan neftinin ixracı 16,4% azalıb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, SOCAR və “Transneft” 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin ixracına dair müqavilə imzalayıb. Cari ildə bu marşrutla 1,3-1,5 mln. ton neftin ixrac olunması planlaşdırılır.
Öncə “Transneft” PSC-nin vitse-prezidenti Sergey Andronov bəyan edib ki, 2018-ci və 2019-cu illərdə Azərbaycan RF vasitəsilə (Bakı-Novorossiysk neft kəməri ilə - İF-Az) 1,3 mln. ton neft nəql etməyi planlaşdırır.
2017-ci ildə SOCAR Bakı-Novorossiysk kəməri ilə 1 mln. 498,1 min ton neft nəql edib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir. **
N.Abbasova