Xəzər dənizi ilə transsərhəd kruiz marşrutların təşkili və inkişafı Rusiya-Azərbaycan əməkdaşlığının inkişafının ən perspektivli istiqamətlərindəndir. Rusiya Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov belə hesab edir.
“Xəzər regionu üzrə tərəfdaşlarımızla iş həyata keçirdik və Xəzər dənizində kruiz turizminin inkişafı üzrə təşəbbüslərimizin fəal dəstəkləndiyinin şahidi olduq, o cümlədən Azərbaycan tərəfindən. Dəniz kruiz turizminin inkişafının ümumi tendensiyaları, həmçinin Xəzər sahilinin perspektivli imkanlarını nəzərə alaraq, turizmin bu seqmentinin Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla birlikdə inkişafının zəruriliyi aydındır”, - “Rosturizm”in məlumatına görə O.Safonov bildirib.
Onun sözlərinə görə, Xəzər dənizində kruiz gəmiçiliyin inkişafı və Xəzəryanı dövlətlərin limanlarında kruiz turizmi infrastrukturunun yaradılması daxili və xarici turist axınlarının artırılması və iqtisadi göstəricilərin müvafiq artımı, Xəzər regionu ölkələrinin əhalisinin rifahının yaxşılaşdırılması üçün stimulu təmin edəcək.
“Hesab edirik ki, Rusiyanın Həştərxan və Mahaçkala, Azərbaycanın Bakı, İranın Anzali, Nouşəhrvə Əmirabad, Türkmənistanın Türkmənbaşı və Qazaxıstanın Aktau limanlarına yanalma ilə transsərhəd kruiz marşrutlarına turistlər tərəfindən tələbat yüksək ola bilər”, - “Rosturizm”in rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Rusiyada Xəzər dənizində kruiz turizminin inkişafı üzrə kompleks tədbirlər hazırlanıb. “Xəzərdə artıq kruiz turizminin inkişafı istiqamətində planlı şəkildə addlımlar atılır. 2019-cu ilin sonunadək bu məqsədlə laynerlər inşa olunacaq və Xəzər dənizi ilə transsərhəd kruizlərin inkişafının təməli olacaq”, - O.Safonov vurğulayıb.
“Rosturizm”in rəhbəri Xəzərdə kruiz turizminin inkişafı işinə Azərbaycanın fəal cəlb edilməsinin önəmini qeyd edib. “Bakı Limanı kruiz gəmiləri və xarici vətəndaşların qəbulu üçün zəruri infrastruktura malikdir. O cümlədən, logistika nöqteyi-nəzərindən turist qruplarının əvəz olunması üçün ən əlverişli məntəqədir. Bu da Xəzər dənizi ilə Azərbaycan paytaxtında başlayan və bitən dairəvi dəniz kruizlərinin həyata keçirilməsinə şərait yaradır”, - O.Safonov əlavə edib. **
F.İsazadə