2018-ci il dekabrın sonunadək “Şahdəniz” yatağından TANAP ilə Türkiyəyə Azərbaycan qazının tədarük həcmi 1 mlrd. kubmetrə çatacaq. Bunu “SOCAR Turkey Enerji A.Ş.” şirkətinin (SOCAR-ın Türkiyədəki törəməsi) baş direktoru Zaur Qəhrəmanov deyib.
“2018-ci ilin iyun ayında TANAP ilə qaz tədarükünə başlanandan və indiyədək bu kəmər ilə Türkiyəyə 400 mln. kubmetr qaz nəql olunub. Cari ilin sonunadək bu göstərici 1 mlrd. kubmetrə çatacaq”, - Z.Qəhrəmanov Türkiyənin «Anadolu» agentliyinə bildirib.
Onun sözlərinə görə, 2019-cu il ərzində TANAP ilə Türkiyəyə 2 mlrd. kubmetr, 2020-ci il də - 4 mlrd. kubmetr, 2021-ci ildə - 6 mlrd. kubmetr qaz tədarük olunacaq.
“TANAP layihəsinin ikinci fazası üzrə işlərin 97%-i tamamlanıb. 2019-cu ilin birinci yarısında boru kəməri TAP birləşməyə hazır olacaq”, - Z.Qəhrəmanov qeyd edib.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində Trans-Anadolu (Trans Anatolian Pipeline, TANAP) qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. **
N.Abbasova