SOCAR Almaniyanın nəhəng “EWE AG” şirkətinin törəməsi “EWE Turkey”in aktivlərini almaq üçün təklif verib. Bu barədə "SOCAR Turkiye Enerji”nin baş direktoru Zaur Qəhrəmanov deyib.
“Şirkətin Türkiyədəki investisiya zənciri neft-kimya, emal və təbii qaz sektorunda formalaşdırılıb və bu zənciri başa çatdırmaq üçün biz “EWE Turkey”in qazpaylama aktivlərini almaqla bağlı təklif vermişik və bu sövdələşmənin baş tutması üçün şansımızın olduğuna inanırıq”, - deyə o, «Anadolu» agentliyinə müsahibəsində bildirib.
Baş direktorun sözlərinə görə, “EWE A.G.” illik 1 milyard kubmetr həcmində qazpaylama əməliyyatı həyata keçirir, lakin "SOCAR Turkiye Enerji” bu göstəricini artırmağı nəzərdə tutur. “Bu həcm bizə kifayət etməyəcək. Çünki “Star” neft emalı zavodunun və “Petkim” kompleksinin təbii qaza olan illik tələbatı 3-4 milyard kubmetr həcmində qiymətləndirilir ki, bu da Türkiyənin qaza olan ümumi tələbatının 7-8%-ni təşkil edir.
Daha əvvəl Türkiyə mətbuatı SOCAR-ın “EWE A.G”-nin aktivlərini əldə etməkdə maraqlı olduğu barədə xəbər vermişdi. Nəşrlərin məlumatına görə, şirkət “Bursagaz AS” və “Kayserigaz AS” qazpaylayıcı şəbəkələrindəki 80%-lik payını satmağa qərar verib və potensial alıcılarla danışıqları demək olar ki, başa çatdırıb. Mümkün iddiaçılar arasında SOCAR da var, bu sövdələşmədə əsas rəqib “Kolin” şirkəti hesab olunur. Aktivlərin ümumi dəyəri $200-250 mln. təşkil edir.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.*
N.Abbasova